Şəkidə Gənclər Günü münasibətilə gənc müəllimlərlə görüş keçirilib

Şəki şəhərində 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. Şəki-Zaqatala Regional Təhsil İdarəsi, ATİAHİ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayon komitələri və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə  təşkilatçılığı ilə baş tədbirdə Şəki-Zaqatala Regionu üzrə MİQ-də ən yüksək bal toplamış gənc müəllimlər iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbir Dövlət  Himninin səslənməsi və Vətən uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad  edilməsi ilə başlayıb.
Şəki-Zaqatala Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Ulu Öndər Heydər  Əliyevin həm sovet, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə gənclərə olan diqqət və qayğısından, gəncliyin hərtərəfli inkişafı üçün gördüyü işlərdən danışıb: “Ulu Öndər Heydər Əliyev gənclərə xüsusi diqqət yetirirdi, onların sağlam mühitdə böyüməsi və tərbiyə alması, müasir elmi biliklərə yiyələnməsi, peşəkar kadr kimi yetişməsi üçün dövlət səviyyəsində hər şeyi edirdi. Gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalanır, onların sosiallaşmasına xüsusi diqqət yetirilir, müxtəlif proqramlar hazırlanır, görüşlər keçirilir, layihələr icra olunurdu”.
ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva isə çıxışında bildirib ki, 1997-ci il fevralın 2-də Ulu Öndər tərəfindən imzalanan Fərmanla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi: “O vaxtan başlayaraq hər il ölkəmizdə Gəncləri Günü təntənəli şəkildə qeyd olunur. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər ümumilikdə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün hərtərəfli şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etdi. Ulu Öndər tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclər ölkəmizin dinamik inkişafında müstəsna rol oynamaqdadır”.
Tədbirdə həmçinin Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Qax rayonu Şotavar kənd tam orta məktəbinin tarix müəllimi Ruslan Əhmədli, İbrahimkənd kənd tam orta məktəbinin direktoru, Vətən müharibəsi qazisi Cəlal Bayramov, Qəbələ rayonu üzrə Təhsil sektorunun müdiri Arifə Bayramova və Şəki Dövlət Regional Kollecinin gənc müəllimi Aygün İsmayılova çıxışlar edərək dövlətimizin gənclər siyasətindən, Azərbaycan gənclərinin nailiyyətlərindən danışıblar.
       Sonda tədbirdə iştirak edən gənc müəllimlərə fəxri fərman və hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo